Bugün, dekabrın 8-i Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olmasının 30 illiyidir. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın üzv olduğu ilk təşkilat İƏT-dir.

Sovet hakimiyyəti dağıldıqdan sonra 1991-ci ilin dekabrın 8-i Azərbaycan İƏT-nin Zirvə görüşündə təşkilata tamhüquqlu üzv seçilib. Keçmiş sovet respublikaları arasında təşkilata ilk üzv olan ölkə məhz Azərbaycandır.

Bu 30 il ərzində ölkəmiz həm İslam ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESCO) fəal üzvü olub, həm də İslam həmrəyliyinin güclənməsinə xidmət göstərib. Belə ki, 2006-cı ildə Azərbaycan İƏT Xarici İşlər Nazirləri Şurasının 33-cü Konfransına ev sahibliyi edib. 2010-cu ildə Azərbaycanda İslam İnkişaf Bankının Müdirlər Şurasının 35-ci toplantısı keçirilib. 2017-ci il ölkədə “İslam Həmrəyliyi İli” elan edilib. Həmçinin həmin ildə Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilib.

İslam Əməkdaşlıq Təşkilatı 1969-cu ildə Mərakeşdə təsis edilib. Bu hökumətlərarası təşkilata 57 dövlət daxildir. Təşkilatın qərargahı Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşir, baş katibi isə Yusif bin Əhməd əl-Useymindir.