Mir Möhsün Nəvvab Qarabağinin Şuşanın Cıdır düzündə yerləşən məzarı bərpa olunub. Bu barədə 6 dekabr tarixində Milli Məclisin Xankəndini təmsil edən deputatı Tural Gəncəliyev öz Twitter hesabında paylaşım edib.

Alimin məzarı Şuşanın işğal dövründə ermənilər tərəfindən dağıdılıb. “Mədəniyyətsizlər Şuşanın Cıdır düzündə Azərbaycanın məşhur şairi Mir Möhsün Nəvvabın məzarını dağıdıblar. Onlar müharibəni hətta ölülərə qarşı aparıblar”, – deyə Tural Gəncəliyev bildirib.

Şiə ruhanisi, alim, şair, astronom, rəssam, tarixçi, xəttat, nəqqaş, ədəbiyyatşünas, musiqişünas, kimyagər Mir Möhsün Nəvvab Qarabaği 1833-cü ildə Şuşada Hacı Seyyid Əhmədin ailəsində dünyaya gəlib. O, bütün ömrünü Şuşa şəhərində keçirib. Nəvvab Qarabaği Şuşada mədəni və ictimai fəaliyyət ilə məşğul olub. Ruhani ərəb və fars dillərini mükəmməl bilirdi. O, məktəbdə dərs deyib, bir çox kitabların və şeirlərin müəllifi olub. Alimin daha çox maraq doğuran əsəri  “Təzkireyi-Nəvvab” toplusu olub. Əsərdə XIX orta əsrlərdə Qarabağdan çıxmış 100-dən artıq şiə şairi haqqında məlumat nəşr olunub.

Nəvvab Qarabaği 1918-ci ildə dünyasını dəyişib.