Özümə söz vermişəm ki, İmam Hüseyni ziyarət etmədən oğlumun məzarını ziyarət etməyəcəm, – deyə şəhid kapitan Elçin Tağıyevin anası deyib.

Sosial şəbəkələrdə yayılan videoda ruhani Hacı Şahin şəhidin anası ilə söhbət edir. Xanımın sözlərinə görə, o, bir ildir ki, oğlunun məzarını ziyarət etmir. Şəhid anası oğlunu İmam Hüseynə (ə.s) qurban verdiyini söyləyib. Bu səbəbdən o, ilk öncə İmamın (ə.s) məzarını ziyarət etməyi niyyət edib.

Şəhid kapitan Elçin Ağaqulu oğlu Tağıyev 1 iyul 1989-cu ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində dünyaya gəlib. O, 2004-2007-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2020-ci ildə İkinci Qarabağ müharibəsində iştirak edib. Həmin ilin 1 oktyabr tarixində isə Talış döyüşləri zamanı Elçin Tağıyev şəhid olub. Onun nəşi noyabrın 28-i doğma kəndində dəfn edilib. Döyüşlərdə göstərdiyi məharətə görə kapitan Elçin Tağıyev şəhadətindən sonra “Qarabağ ordeni”, “Vətən uğrunda” medalı, və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.