Məscid Ucar rayonunun Qarabörk kəndinin ərazisində yerləşir.
İbadətgah düzbucaqlı formadadır və kərpicdən inşa olunub. Məscidin damı şiferlə işlənib. İbadət evinin ön tərəfində açıqşəkilli eyvan yerləşir. Eyvanın tavanı altı dirək üzərində dayanır. İbadətgahın qapı və pəncərələri tağvari formadadır. İbadət zalının divarında ərəb əlifbası ilə “Allah və 14 məsumun” adları həkk edilib. Məscid iki hissədən ibarətdir: qadınlar və kişilər şöbəsi. İbadət evinin günbəzi altıguşəlidir, onun qübbəsi dəmir təbəqə ilə üzlənib və üstündə aypara ilə ulduz rəmzi quraşdırılıb.
Yerli əhalinin sözlərinə görə, əvvəllər burada köhnə məscid var idi. Lakin sonradan həmin ibadət evi sökülüb və yerində yeni məscid inşa olunub.
Mənbə:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.