Səudiyyə Ərəbistanı Həcc və Ümrə zəvvarlarının ziyarət müddətini 30 günədək artırıb. Bu barədə dekabrın 2-si İQNA xəbər verib.
Lakin yaşı 18-dən az olan şəxslərin müqəddəs yerləri ziyarət etmələrinə hələ də icazə verilmir.
Bundan əlavə, Səudiyyədə tanınan peyvəndlərlə aşılanmış zəvvarlar karantinə girmədən Ümrə ayinlərini yerinə yetirə biləcəklər. Ölkədə tanınmayan peyvəndlə aşılananlar isə 48 saat karantində qalıb, daha sonra PCR testindən keçəcəklər. Test nəticəsi neqativ çıxan şəxs ziyarətə başlaya biləcək.
Bundan əvvəl Həcc və Ümrə ziyarətini yerinə yetirməyə 10 günədək vaxt verilirdi. Noyabr ayından etibarən Səudiyyə Ərəbistanı zəvvarlara tətbiq olunan maksimum yaş həddini ləğv etdi.