Noyabrın 30-da Bakıda Birinci və İkinci Qarabağ müharibələrində şəhid olan Yasamal rayonu sakinlərinin xatirəsinə memorial kompleksin açılışı olub. Bu barədə rayonun İcra Hakimiyyəti məlumat yayıb.

Açılış mərasimi Yasamal rayonunda keçirilib. Kompleksdə 339 şəhidin adı və soyadı həkk edilib. Burada, həmçinin ehsan bulağı da inşa edilib.

Tədbirdə şəhid övladları kompozisiyalar ilə çıxışlar ediblər. Açılışda din xadimi Hacı Şahin Həsənli də iştirak edib. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Fəxri qaravulun müşayiəti ilə şəhidlərin adları önünə əklil qoyulub.

Noyabrın 25-i Bakının Müşfiqabad qəsəbəsində şəhid Məhərrəm İbrahimovun xatirəsinə bulağın açılışı olub. Gəncədə isə şəhid Elvin Mustafayevin atası oğlunun adına ehsan bulağı inşa etdirir.