Ziyarətgah Astara rayonunun Sım kəndi ərazisində yerləşir.

Pirin adı talış dilindən tərcümədə “pi” (qoca), “bılınd” (hündür) deməkdir. “Pir-e bılınd” sözü, həmçinin “uca pir” və ya “ucada duran pir” mənasını verir.

Ziyarətgahın mərkəzində təpədə qədim xarabalığın yeri mövcuddur. Burada üç qəbir yerləşir. Onların üzərində üç pilləli böyük daş var. Buraya ziyarətə gələnlər niyyət tutaraq, qəbir daşının üzərində kiçik bir daş parçası qoyurlar. Yerli əhalinin sözlərinə görə, xəstələr şəfa tapmaq üçün paltarlarının bir hissəsini buradakı kola bağlayırlar.

Pirin ərazisində niyyət daşı var. Yerli əhalinin dediklərinə əsasən, təzə evlənənlər və ya uşağı olmayanlar bu daşın yanına gedərək, niyyət tuturlar. Daha sonra daşın yanından torpaq götürürlər. Əgər onların götürdükləri torpaqda hər hansı canlı olarsa, deməli niyyəti baş tutar. Digər versiyaya görə isə, niyyət daşının yanına gələn şəxs çubuqlardan beşik düzəldər, onu daşın yanından asar. Sabah gəlib ona baxanda, onun içində hər hansı bir budaq ağac qırıntısı, yarpaq və s. olarsa həmən adamın övladı olacağı bilinir.

Rəvayətə görə, XIX əsrin ortalarında həmin qəbirlərin üzərində bir neçə dəfə məqbərə tikilsə də, bu tikililəri səhəri gün qəbrin 100-150 metrliyindəki dərədə axan çayda görüblər. Ona görə də, indiyədək ziyarətgahda məqbərə tikilməyib.

Ziyarətgahda “peştodəsığ” (peşt penua sığ) adlanan daş mövcuddur. “Peştodəsığ” sözü “bel söykənən daş” mənasını daşıyır. Deyilənə görə, belində ağrılar olan insanlar, buraya gələrək üç dəfə belini daşa söykəyərək, özü ilə gətirdiyi bir sancağı daşın üstünə qoyar və şəfa tapar.

Pirin ərazisində göyöskurəyin əlacı sayılan “kranqa du” yeri də mövcuddur.

Mənbələr: 

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Gülnar Əsədli. Nura qərq olunmuş Astaram. Bakı-2004.

Astara rayonu Pir-e bılınd ziyarətgahı Astara rayonu Pir-e bılınd ziyarətgahı Astara rayonu Pir-e bılınd ziyarətgahı