Xudat şəhərinin Axundov küçəsində yerləşən Şeyx Məhəmməd Yaraqlı məscidi yararsız vəziyyətə salınıb. Məscidin fəaliyyəti 2001-ci ildən dayandırılıb.
İbadət evinin hazırkı durumu barədə Xudat şəhər sakini Tərlan Poladov öz facebook səhifəsində videogörüntülər paylaşıb. Kadrlardan göründüyü kimi məscidin ətrafı məişət tullantıları ilə doldurulub, ibadətgahın özü isə dağıdılıb. İbadət evinin damı və döşəməsi sıradan çıxıb, pəncərələr isə sındırılıb. Mədcidin içərisinə pivə butulkalarının qapaqları, hətta şprislər belə atılıb.
Çəkilişi aparan şəxsin sözlərinə görə, ibadət evinin həyətinin bir hissəsi satılıb, satılan ərazidə isə dükanlar açılıb. Baş verənlərdə isə təqsirkar Xaçmaz Rayon İcra Hakimiyyətinin sabiq başçısı Şəmsəddin Xanbabayev hesab edilir.
2012-ci ildə Xudat bələdiyyəsinin sədri Elman Allahyarov bildirib ki, məscidin təmir edilməməsinin səbəbi onun dövlət qeydiyyatında olmamasıdır.
Xudat şəhəri Şeyx Məhəmməd Yaraqlı məscidi 1993-1995-ci illərdə Firudin Kərim oğlu Mürsəlovun təşəbbüsü ilə inşa edilib. Tikinti işləri Küveytin İslam İrsinin Dirçəlişi Cəmiyyətinin dəstəyi ilə həyata keçirilib. İbadət evinin binası mişar daşından tikilib, minarəsi isə kərpicdən ucaldılıb.