Azərbaycanlı zəvvar Ümrə ziyarəti zamanı dünyasını dəyişib. O, Mədinə şəhərində dəfn edilib. Bu barədə noyabrın 28-i report xəbər verib.
Mürsəlov Əli Maqmed oğlu üç aydır ki, Ümrə ziyarətinə yollanmaq üçün növbə gözləyirdi. Noyabr ayında növbəsi çatdıqda o, Səudiyyə Ərəbistanının Mədinə şəhərinə yola düşdü. Ziyarətinin üçüncü günündə ürək tutması səbəbindən 80 yaşlı Əli Mürsəlov dünyasını dəyişdi.
Ailəsinin razılığı ilə azərbaycanlı zəvvar noyabrın 28-i səhər saatlarında Mədinədə, Uhud şəhidlərinin qəbiristanlığında dəfn edilib. Dəfn işləri Azərbaycanın Səudiyyədəki səfirliyi və Səudiyyə Ərəbistanının “Al-Rawda” adlı şirkətinin yardımı ilə görülüb.
2020-ci ilin mart ayında Səudiyyə Ərəbistanı koronavirusa görə Ümrə ziyarətinə zəvvarların qəbulunu dayandırıb. Bu ilin avqust ayından etibarən 18-70 yaş arası peyvənd olunmuş şəxslərin ziyarətinə qoyulan məhdudiyyət aradan qaldırılıb. Noyabr ayından isə qoyulan yaş həddi də yığışdırılıb.