Məscid Masallı rayonunun Məmmədoba kəndi ərazisində yerləşir. İbadət evinin inşa tarixi XIX əsrə aid edilir.

İbadətgahın tutumu 60 nəfər təşkil edir. Məscid düzbucaqlı formadadır və qırmızı kərpicdən tikilib. Məscidin tavanı taxtadandır və yerli ustalar tərəfindən hörülüb, damı isə kirəmitlə örtülüb. İbadət evinin ön tərəfində iki pəncərə və bir cüt qapı, yan tərəfində isə bir cüt pəncərə var. Məscidin giriş hissəsini yağışdan qorumaq üçün beş dəmir dirək üzərində dam artırılıb. İbadətgahın damında azan vermək üçün kvadrat günbəz var.

Masallı rayonu Məmmədoba kənd məscidi yerli əhəmiyyətli memarlıq abidəsi hesab edilir.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Aqşin Əliyev. Masallının tarix və mədəniyyət abidələri-ziyarətgahlar. Bakı-2021.