Ocaq Lənkəran rayonunun Xolmili kəndinin qəbiristanlığında yerləşir. Pirin inşa tarixi XIII əsrə aiddir. Ziyarətgah Şeyx Zahidin muasiri olmuş Şeyx Zeynalın adı ilə bağlıdır.

Tağı Abbasov və Güloğlan Bağırov “Xolmili” kitabında seyyid Zeynal türbəsi haqqında yazırlar: “Yerli əhali arasında yayılmış söhbətlərdən belə məlum olur ki, o, Şeyx Zahidin müasiri olmuş və XII-XIII əsrlərdə yaşamışdır. Dövrünün savadlı, nüfuzlu, müqəddəs şəxsiyyətlərindən biri olmuş və dəfn olunduğu kənd qəbiristanlığı onun adı ilə “Seyyid Zeynal” qəbristanlığı adlanır. Məlumatlardan belə aydın olur ki, Seyyid Zeynalın dəfn olunduğu qəbiristanlıqda möhtəşəm türbə ucaldılmış, lakin sonradan həmin abidə dağılmışdır. Yalnız müstəqilliyimizin ilk illərində kəndin xeyriyyəçi oğlu Eldar İbad oğlu Əhmədov şəxsi vəsaiti hesabına Seyyid Zeynalın qəbri üstündəki abidəni bərpa etdirmişdir”.

Mənbələr:

  1. İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. 2015.
  2. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.