Noyabrın 25-i Bakının Müşfiqabad qəsəbəsində şəhid Məhərrəm İbrahimovun xatirəsinə bulağın açılışı olub. Bu barədə AZƏRTAC xəbər verib.

Bulaq qəsəbə qəbiristanlığında quraşdırılıb. Açılışda şəhidin ailə üzvləri, dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidin qardaşı Əsgər İbrahimov bulağın açılışının Kəlbəcərin işğaldan azad olunduğu günə salınmasını yüksək dəyərləndirib. O, qardaşının xatirəsinə edilən hörmət və ehtirama görə öz təşəkkürünü bildirib.

Şəhid Məhərrəm İbrahimov AZƏRTAC-ın müxbiri olub. O, ötən il Kəlbəcərə ezam edilib və iyun ayının 4-dü minaya düşərək şəhadətə çatıb. Məhərrəm İbrahimovla bərabər Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Arif Əliyev də həlak olublar.

Şəkillər: AZƏRTAC