Azərbaycanda intiharların artımı müşahidə olunur. İntihar edənlərin əksəriyyəti gənclərdir. Yalnız 21-22 noyabr tarixində 4 gənc öz həyatına son qoyub. Bununla bağlı Məşədi Dadaş məscidinin axundu Hacı Şahin öz fikirlərini bildirib.

“Gənclərin intihar etməsi onlarda həyat haqqında düzgün təsəvvürün olmaması və mənəvi boşluqdan qaynaqlana bilər. Bu, eyni zamanda tərbiyə ilə də bağlıdır. Valideynlər həyat haqqında övladlarını düzgün formalaşdırmağa borcludurlar.

Düzdür, çətinliklərlə dolu bir dünyada yaşayırıq. Lakin hər bir insanın yaşayışının bir məqsədi, hədəfi olmalıdır. Dünyanı ideallaşdırmaq, dünya həyatından gözləntilərin həddən artıq çox olması ən ciddi yanlışlıqlardan biridir.

İnsan ən çıxılmaz situasiyalarda belə ümidini itirməməlidir. Din bizə başa salır ki, qüdrətli və rəhmli Allah var. Hər bir şəraitdə biz ona arxalanmalıyıq. İstənilən vəziyyətdən çıxış yolu var. İnsan çətinliklər mərhələsindən keçmədən inkişaf edə bilməz. Dünyada ona görə mövcuduq ki, inkişaf edək, mənəvi baxımdan kamilləşək və bu kamillik yolu çətinliklərdən, sınaqlardan keçir.

Quranda bir çox hekayələr var. Məsələn, Həzrət Yusif haqqında Quranda danışılır ki, quyunun dibində olarkən belə sarsılmadı, Allahdan ümidini itirmədi və Allah onu quyunun dibindən çıxarıb Misirin şahı dərəcəsinə ucaltdı. Burada insanlara mesajlar var ki, ən çıxılmaz vəziyyətlərdə çıxış yolu axtarmaq, ruh düşkünlüyünə düçar olmamaq və ümidini itirməmək lazımdır.

Təəssüflər olsun ki, əyləncənin daha çox olduğu bir mühitdə düşüncə işığının söndüyü zaman intihar halları daha çox geniş yayılmağa başlayıb. Azərbaycan dünyaya inteqrasiya edir, amma bunun mənfi təsirləri də olur. Bəzən yanlış bir mədəniyyətin təsirinə məruz qalırıq. Bu kimi məsələlərdə cəmiyyətin mənəvi immunitetini təmin etmək üçün dəyərlərimizə bağlanmalıyıq.

Din xadimləri bu proseslərdə iştirak etməlidir. Kompleks tədbirlər görülməli, dövlət qurumları bu istiqamətdə addımlar atmalı, cəmiyyət də bu kimi məsələlərdə səfərbər olmalıdır”.