Noyabrın 24-dü Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ölkənin müxtəlif bölgələrində “Erkən nikahlara qarşı bir olaq” mövzusunda seminar keçirib. Bu barədə qurumun saytında xəbər verilib.
Masallı və Kürdəmirdə keçirilən tədbirlərdə erkən nikahın narahatedici bir məsələ olduğu qeyd olunub. Bildirilib ki, bu problem nəyinki Azərbaycanda, digər ölkələrdə də mövcuddur.
Seminarlarda din xadimlərinin və ictimai fəal insanların problemlə mübarizəsinin vacibliyi vurğulanıb. “Erkən evliliyin qarşısının alınmasında hər kəs öz səyini göstərməlidir”, – deyə qurumun üzvü qeyd edib.
Azərbaycanda Ailə Məcəlləsinə uyğun olaraq yaşı 18-dən az olan şəxslər, hətta öz razılıqları olsa belə nikah bağlaya bilməzlər. Yalnız istisna hallarda müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə bu yaş həddi 1 ilədək azaldıla bilər.