Türkiyədə, Konya şəhərinin Karapınar rayonunda yerləşən Sultan Səlim məscidində aparılan təmizlik işləri zamanı Sultan II Səlimə aid Quranın əlyazma nüsxələri aşkar olunub. Bu barədə noyabrın 23-də Anadolu Agentliyi xəbər verib.

Məlumata görə, Quranın 30 cüzündən 10-u tapılıb. Tapılan Quran nüsxləri 450 illik tarixə malikdir. Əlyazmaların birində onun Sultan II Səlim tərəfindən məscidə hədiyyə edildiyi qeyd olunub.

II Səlim Sultan Süleyman və Hürrəm Sultanın oğludur. O, 1542-ci ildə, 16 yaşında ikən Konyaya sancaqbəy olaraq təyin olunub. 1544-ci ildən 1558-ci ilədək Manisa sancaqbəyi vəzifəsini icra etməyə başlayıb. Manisada keçirdiyi illərdə II Səlim əyləncə və ova çox vaxt sərf etdiyinə görə 1558-ci ildə yenidən Konyaya göndərilib. Həmin dövrdə o, indiki Sultan Səlim məscidinin inşasına başlayıb. Məscidin tikintisi 1563-cü ildə başa çatıb. II Səlimin sultanlıq dövrü isə 1566-1574-cü illərə təsadüf edib.