Əlcəzairin Böyük məscidi (Camaa al-Cazair) arxitekturasına görə beynəlxalq mükafata layiq görülüb. Bu barədə noyabrın 24-ü islamnews xəbər verib.

Mükafat Çikaqonun “Ateneum” dizayn və arxitektura muzeyi tərəfindən verilib. Layihə Almaniyanın “KSP Engel” inşaat bürosu tərəfindən hazırlanıb. Bildirilib ki, ibadətgah ölçülərinə görə dünyada ən böyük məscidlərdən biri hesab edilir. Məsciddə eyni anda 120 min nəfər ibadət edə bilər.

Məscidin minarəsinin hündürlüyü 265 metrdir. Minarə liftlə təchiz olunub və müşahidə göyərtəsinə malikdir. Məscidin üzərinə ümumi uzunluğu 6 kilometr olan Quran ayələri həkk edilib.

Dünyada üç ən böyük məscid Məkkədəki əl-Həram, Mədinədəki Məscidun-Nəbi və Məşhəddəki İmam Rza məscidləridir. Qafqazda isə ən böyük ibadət evi Azərbaycandakı Heydər məscidi hesab edilir. Məscid 2014-cü ildə Bakının Binəqədi rayonunda tikilib.