Türbə Lənkəran rayonunun Şıxakəran kəndinin qəbiristanlığında yerləşir. Bu ziyarətgah Şeyx Zahid Gilaninin adı ilə bağlıdır. Türbə 1478-ci ildə inşa edilib.

Şeyx Zahid ibn Rövşən Əmir Şərqdə tanınmış alim və ictimai xadim idi. O, 22 mart 1215-ci ildə Lənkəran rayonunun Siyavar kəndində Şeyx Rövşən Əmirin ailəsində anadan olub. İlk təhsilini Astaranın Butəsər (indiki Pensər) kəndində, XIII əsrin məşhur sufi alimi Seyyid Cəmaləddindən alıb. Seyyid Cəmaləddin yaxşı oxuduğuna görə şagirdinə Zahid (ərəb dilində “ibadət adamı,” “pəhrizkar”) ləqəbini verib. XIII əsrdə Talışın ərazisi Gilanın tərkibində olduğu üçün Şeyx Zahid özünə “Gilani” təxəllüsünü götürüb.

Şeyx 1300-cü ilin martında vəfat edib. Əvvəllər ocaq Şeyxin öz nəsihəti ilə dəfn olunduğu Siyavur (indiki Siyavar) kəndində yerləşib. Türbə daşqınlar səbəbindən tez-tez dağılıb, buna görə 1478-ci ildə Səfəvi Şah İsmayılın atası Şeyx Heydər tərəfindən Şıxakəran kəndinə köçürülüb.

Şərqdə nüfuza sahib olan Şeyx Zahidin məzarını I Şah İsmayıl, I Şah Abbas və Gilan, Muğan, Mazandaran, Xorasan kimi başqa yerlərdən bir çox mömin də ziyarət edib.

Sovet dövründə Şeyx Zahidin məqbərəsi dağıdılmışdır. Kəndlilər və şeyxin pərəstişkarları buraya gizli ziyarət edirdilər. Qəbrinin üstündə kiçik taxta bina ucaldılmışdı. Yalnız 1991-ci ildən sonra kənd sakinlərin hesabına türbə bərpa edilmişdir.

Yerli sakin və məqbərənin baxıcısı Anar Məmmədovun sözlərinə görə, 1960-cı illərdə dağıdılmış məqbərənin qəbirüstü daşları Sankt-Peterburqa, Ermitaja aparıldı və bu günə kimi orada saxlanılır.

Şeyx Zahid türbəsi yerli əhəmiyyətli memarlıq abidəsi hesab olunur.

Mənbələr:

  1. Azərbaycanın dini-tarixi abidələri, ziyarətgahları, seyidləri, övliyaları. Bakı-2005.
  2. Неймат М. С. Корпус Эпиграфических памятников. Баку-2008.
  3. https://az.sputniknews.ru
  4. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  5. İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. 2015.