Türbə Lənkəran rayonunun Kənarmeşə kəndi ərazisində yerləşir.

Talış dilindən tərcümədə “Seydəkinə”, “Seyidqızı” mənasını verir. Türbə Seyidnisə adlı seyidənin adı ilə bağlıdır. Yazıçı Fayaz Qasımzadə “Kənarmeşə” kitabında bu türbə haqqında yazıb: “Seyidnisə Mirzəli qızı 1870-ci ildə anadan olub. O, dünyaya şikəst gəlmiş, əl-ayağı iflic, nitqi isə qüsurlu olmuşdur. Atası Seyid Mirzəli əslən İranın Ərdəbil mahalından olmuş, o, bir neçə ailə ilə birlikdə İranda hökm sürən özbaşnalıqlardan yaxa qurtarmaq üçün bu yerlərə pənah gətirmişdir. Seyid Mirzəlinin arvadı Mir Səkinə yoldaca keçinmiş və meşədə basdırılmışdır. Seyidnisə kəramətli seyidlərdən olmuş, insanlar onun cəddinə hörmətlə yanaşmış, ona sağlığında nəzir ayırmış, cəddinə and içmişlər. Seyidnisə 1924-cü ildə 54 yaşında vəfat etmişdir”. Hörmət əlaməti olaraq Seyidnisənin qəbri ziyarətgaha çevrilib.

Kənarmeşə kənd sakini Sakit Babayevin şəxsi vəsaiti hesabına türbədə təmir-bərpa işləri aparılıb, türbə dəmir çəpərə alınıb və üstündə tikili inşa edilib.

Lənkəran bölgəsində bu adla bir neçə ocaq mövcuddur.

Mənbələr:

  1. İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. 2015.
  2. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.