Ocaq Lənkəran-Havzova şose yolunun üstündə, Girdəni kəndi ərazisində, qəbiristanlıqda yerləşir. Pirin dəqiq yaranma tarixi məlum deyil.

Ocaq Şahsu Bəy adlı şəxsin adı ilə bağlıdır. Yerli sakinlərin fikrincə, Şahsubəy Səfəvi Şah İsmayıl Xətainin ordu başçılarından biri olmuşdur. Şahsu Bəy əhali arasında böyük hörmət və nüfuza malik olduğundan, onun məzarı ziyarətgaha çevrilmişdir. Şahsubəy ocağının yerləşdiyi qəbiristanlıqda son zamanlara qədər Şahsu Bəyin qəbrindən başqa qəbir olmamışdır. Ocağa yaxın olan ərazidə, sonradan məskunlaşan insanlar arasında, burada basdırılan meyitlərin gecələr qeyri-adi qüvvələr tərəfindən çaya atılması ilə bağlı əfsanə yaranmışdır. Qəbiristanlığın yaxınlığından Girdəniçay axır.

Girdəni kənd sakini Tofiq Əzim oğlu Mirzəcanov şəxsi vəsaiti hesabına Şahsu Bəyin qəbri üzərində məqbərə inşa etdirmişdir.

Mənbələr:

  1. İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. 2015.
  2. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.