Ocaq Lənkəran rayonunun Şivlik kəndi ərazisində yerləşir. Pir Mir İbrahim adlı seyyidin adı ilə bağlıdır.

Ocağın yaranması haqqında iki versiya mövcuddur. Birinci versiyaya görə, Mir İbrahim adlı bir kişi mütəmadi olaraq, bal almaq üçün bu kəndə gəlib getmişdir. O, çox müdrik və xeyirxah insan olmuşdur. Lakin bir müddət sonra bu şəxs xəstələnib, vəfat edir. Kənd camaatı isə İbrahim kişini həmin əraziyə dəfn edir. Kənd sakinləri İbrahim kişinin qəbrini tez-tez ziyarət etdiklərindən, bura ziyarətgaha çevrilir. Sonralar onun dəfn olunduğu yer isə “Mir İbrahim bal alan” kimi adlanmağa başlayır.

Digər versiyaya görə, ocaq “Mir İbrahim ağa balaları” adlanır. Rəvayətə görə, əslən ərdəbilli olan Mir İbrahim dini təbliğ etmək məqsədilə bu əraziyə gəlmişdir. Mir İbrahim ağa və onun övladları ocaq ərazisində dəfn edildiyindən, bu yerə el arasında “Mir İbrahim ağa balaları” adı verilmişdir. Şivlik kənd sakini, coğrafiya müəllimi Habil Mikayıl oğlu Ağayevin bildirdiyinə görə, ABŞ-ın Nyu-York şəhərindən gəlmiş etnoqraf Cems Cennard 2012-ci ildə ocaq ərazisində olmuş və buradakı başdaşlarından birinin üstündə ərəb əlifbası ilə “Mir İbrahim ağanın balası-1523-cü ildə vəfat etmişdir” sözlərinin yazıldığını müəyyənləşdirmişdir. Digərlərinin fikrincə isə, bu tarix Mir İbrahim ağanın məzar daşında yazılmışdır.

Yerli xeyriyyəçilərin vəsaiti hesabına qəbir üzərində məqbərə inşa edilmişdir.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. 2015.