Ziyarətgah Lənkəran rayonunun Boladi kəndinin Lütoba məhəlləsinin yuxarı hissəsində, Boladi çayının sol sahilində yerləşir. Digər ziyarətgahlardan fərqli olaraq ocağın adı şəxsnən deyil, ağac adı ilə bağlıdır. Ehtimal olunur ki, pirin 800 ildən çox yaşı var.

Deyilənlərə görə, bir vaxtlar ağaca balta vuranlar var idi. Amma onlar bir neçə gün sonra vəfat ediblər. İsabala Xankişiyev və Etibar Əhədovun “Boladi” kitabında ziyarətgah haqqında belə yazılıb:: “Kəndi daşqınlardan qorumaq üçün 1963-cü ildə Boladi çayının məcarasını dəyişmək lazım gəlirdi. Yeni çay yatağı salınarkən, layihəyə görə “Qaraağac”ı kəsmək problemi yaranmışdı. Bu iş rus millətindən olan mexanizator Nikolay Nemsova tapşırılır. Əsl möcüzə baş verir, buldozer yerindən tərpənmir. “Qaraağac” haqqında söz-söhbəti eşidəndə isə Nikolay Nemsov ağaca yaxın düşmür. “Qaraağac” ocağı adamların çoxdan ziyarət yerinə çevrilmişdir. Buradakı “Çıləxonə”yə pənah gətirənlərin çoxunun diləyi hasil olub. Danışırlar ki, uşağı olmayan onlarla qadın bu müqəddəs ocaqdan şəfa tapmışdır.”

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. 2015.