Naxçıvanlı din xadimi Molla Məhəmməd Əli Naxçıvani 1852-ci ildə Naxçıvanda anadan olub. Alimin Nəcəf şəhərində yaşaması səbəbindən bir sıra kitablarda onun adı Məhəmməd Nəcəfi olaraq qeyd edilib.
Deyilənə görə, kiçik yaşlarından Əli Naxçıvani atası Xudadadı itirib və o, anası ilə birlikdə İraqa köçüb. İraqın naxçıvanlı tələbələri Şeyx Mürtəza Ənsaridən Məhəmməd Əlini tələbəliyə götürməsini xahiş ediblər. Kiçik imtahandan sonra Şeyx gənc Məhəmmədin Nəcəf mühitinə hələ hazır olmadığını deyib və ona vətənində elmi təkmilləşmə ilə məşğul olmağı tövsiyə edib. Bundan sonra Məhəmməd Əli Naxçıvana qayıdıb və ciddi şəkildə dini elmləri öyrənməyə başlayıb. Təhsilini davam etdirmək üçün o, Təbrizə səfər edib. 17 yaşı tamam olduqda Məhəmməd Naxçıvani İraqa qayıdıb və Nəcəfin böyük alimlərindən təhsil almağa başlayıb. Onun ustadları Fazil Şərabiyani, Fazil İrəvani, Şeyx Həsən Kazimi, Şeyx Əli Nəhavəndi və Həbibullah Rəşti kimi alimlər olub. 1904-cü ildə Əli naxçıvani mərcei-təqlid məqamına nail olub.
Ayətullah Naxçıvani bir müddət İmam Əlinin (ə.s) hərəmində camaat namazlarına imamlıq edib. Ondan qabaq bu vəzifəni azərbaycanlı alim Şeyx İbrahim Lənkərani yerinə yetirib.
1916-cı ilin rabiul-axır ayının 17-də (23 fevral) Məhəmməd Əli Naxçıvani vəfat edib. O, İraqın Kərbəla şəhərində dünyasını dəyişib. Alimin cənazəsi Nəcəfə aparılaraq İmam Əlinin (ə.s) hərəminin İmran məscidinə bitişik otaqların birində dəfn edilib.
Mənbə: Natiq Rəhimov. Azərbaycanın din alimləri. Bakı-2014.