Ocaq Lənkəran-Biləsər şose yolunun sol tərəfində, Biləsər kəndinin yaxınlığında, Hirkan Milli Parkın ərazisinə daxil olan meşəlikdə yerləşir. Pirin yaranma tarixi məlum deyil.

Ziyarətgah Bilal adlı seyyidin adı ilə bağlıdır. Kənd sakinlərinin sözlərinə görə, Bilal əvvəllər ayrı bir yerdə yaşamışdır. Lakin İslam dinini təbliğ etmək məqsədi ilə buraya gəlmişdir. O, vəfat edərkən indiki ziyarətgah ərazisində dəfn edilmişdir və onun qəbir yeri məlum deyil.

Təqribən 100-120 il əvvəl ocaqda ağacdan kiçik ev inşa edilmişdir. 2000-ci ilin əvvəllərində köhnə tikili saxlanmaqla, ocaq üzərində məqbərə tikilmişdir. Deyilənə görə, Bilal Biləsər kəndində adına ocaq olan Məhəmmədin qardaşıdır. Xanbulan kənd sakinlərinin fikrincə, kənddə adına ocaq olan Yaqub da Bilalın qardaşıdır. Bu da bu şəxsin həqiqətən də seyyid Peyğəmbər (s) övladı olduğuna işarədir.

Mənbələr:

  1. İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. Bakı-2016.
  2. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.