Ocaq Lənkəran rayonunun Osakücə kəndinin qəbiristanlığı həyətində yerləşir. Bu ocağın sahibi Mir Şərif ağadır. O, bu qəbiristanlıqda dəfn edilib.

Mir Şərif ağanın nəticəsi Telnaz Kazımovanın dediklərinə görə, onun ulu babası seyyid Şərif ağa Mədinə seyyidlərindən olub. O, seyyid Şərif ağanın altıncı İmam Cəfər Sadiqin (ə.s) nəslindən olduğunu qeyd edir.

Telnaz Kazımovanın dediklərinə görə, o zaman kənd camaatı Aşura axşamı İmam ehsanı vermək üçün qazanlarla dolu yeməkləri məscidə aparanda, Mir Şərif ağanı da dəvət etmişdilər. Bu zaman Mir Şərif ağa məscidə gedən yolda, taxta körpünün yanında, qoz ağacı kötüyü üstündə əyləşir. Camaat körpü ilə çayın o tərəfinə keçən zaman, xan gəlir və əlində bir bardaq su ilə ağaya xoş gəldin deyir. Bu zaman ağa papağı çıxarır və bunu görən xan, ağanın ətəklərindən yapışıb, yalvarır və deyir: “Ağa cəddinə qurban olum, bütün mahal yanır və quraqlıq hər tərəfi bürüyüb, yağış istəyirik sənin cəddindən”. Ağa dua oxuyan kimi tufan qopur və qısa bir zamanda ətrafı sel basır.

Xan Kərbəladan gələndə ağa üçün bir çuxa gətirir. O, tonqal qalatdırır və digər xanları da dəvət edir. Orada hamının yanında çuxanı ağaya geyindirir. Bunu görən xanın cavan oğlu, atasına deyir ki, sən niyə belə gözəl çuxanı o seyyidə bağışladın və o, ona layiq deyil deyir. Əgər o, həqiqətən seyyiddirsə öz seyyidliyini sübut etsin. Bunu eşidən ağa, ətəyini açır və xanın oğluna deyir: “Tonqaldakı közdən tök ətəyimə”. Xanın oğlu bel ilə tonqaldakı közdən ağanın ətəyinə atır. Bu közlər ağanın ətəyini yandırmır. Xanın oğlu isə sonra xəstələnib, vəfat edir.

Mir Şərif ağa kənddə və bölgədə böyük hörmətə malik olmuşdur. O, qapısına gələn hər kəsə köməklik göstərmişdir.

Mir Şərif ağa 110 yaşında vəfat edib və məzarı üzərində türbə inşa edilib.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. http://edaletyolu.az