Cümə günü, noyabrın 19-u Almaniyanın Köln şəhərində yerləşən mərkəzi məscidi yandırmağa cəhd ediblər.
İlkin məluma görə, yanğını törətmək istəyən şəxs məscidə velosiped ilə gəlib və binaya benzin töküb. Faktla bağlı araşdırma aparılır.
Hadisə oktyabr ayında sözügedən məsciddə cümə günləri azanın səsləndirilməsinə icazə verilməsi ilə üst-üstə düşür.
Mərkəzi məscid Avropanın ən böyük və ən müasir məscidlərindəndir. İbadət evi Türkiyənin “Diyanət İşləri Türk İslam Birliyi” tərəfindən və ianələrin hesabına inşa olunub. Məscidin tikintisi 40 milyon dollara başa gəlib. 2018-ci ildə məscidin açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib. Məsciddə eyni anda 4 minədək insan ibadət edə bilər. Məscidin divarları və günbəzi şüşədəndir. İbadətgahın iki minarəsi var və onların hündürlüyü 55 metrdir.