Ocaq Lənkəran rayonunun Cil kəndində, Lənkəran-Boradigah şose yolunda yerləşir. Ziyarətgah, həmçinin “Səyd Xəlifə”, “Sexəlifə ocəğ”, “Soltan Sexəlifə” adlandırılır.
Ocağın yaranma tarixi XIX əsrə aid edilir. Lakin Etibar Əhədov Seyyid Xəlifə ziyarətgahını IX-XI əsrlərə aid edir. Buna səbəb isə burada həmin əsrə aid olan qəbirüstü abidələr üzərində rəsm təsvirləridir. Bundan əlavə burada orta əsrlərə aid edilən qəbir daşları da var. Bu qəbir daşları Səfəvilər və xanlıqlar dövrünə aid olunur.
Yazıçılar Etibar Əhədov və Mir Haşım Talışlı bu ocaq haqqında yazmışdılar: “İmam Peyğəmbər övladlarının şərəfinə bu ziyarətgah “Sexəlifə” və ya seyyid olduqlarına görə “Seyyid Xəlifə” adlandırılmışdır”.
Yazıçı İldırım Şükürzadə isə öz kitabında Seyyid Xəlifə sözünü “Sexəlifə” kimi qeyd edir, yəni “se” (talış dilində üç) və “xəlifə” (ərəb dilindən tərcümədə müavin), yəni “üç müavin” deməkdir.
Lakin tarixçi Aqşin Mistanlı ocağı “Seyyid Xəlifə” olduğunu bildirir. Buna səbəb isə Səfəvilər və talış xanları sülalələrindən olan seyyid Abbasın bu ərazidə məskunlaşmasıdır. Ehtimal edilir ki, seyyid Abbas elə burada da dəfn olunub.
Yazıçı Həşim Həsənoğlu “Azərbaycanın dini-tarixi abidələri, ziyarətgahları, seyyidləri, övliyaları” kitabında qeyd edib ki, bura IV İmam Zeynul-Abidinin (ə.s) nəvələrinin qəbri üzərində ucaldılıb.
Mirhaşım Talışlının yazdığına görə, burada xan nəslindən olanlar dəfn olunurdu və vaxtı ilə qonşu kəndlər də öz ölülərini bu ocağın ərazisindəki qəbiristanlıqda dəfn edirdilər.
Mənbələr:
- Həşim Həsənoğlu. Azərbaycanın dini-tarixi abidələri, ziyarətgahları, seyyidləri, övliyaları. Bakı-2005.
- İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. 2015.
- Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.