Ocaq Lənkəran rayonunun Şağlakücə kəndi ərazisində, Lənkəran-Lerik şose yolunun sol tərəfində, rayon mərkəzindən 9 km qərbdə yerləşir. Pirin yaranma tarixi XIV-XV əsrlərə aid edilir. Lakin bəzi mənbələrə görə, ocağın yaranma tarixinin IX əsrə aid olduğu qeyd olunur. Bura həmçinin “Seydəpir ocağı” kimi də tanınır.

Seydəpir talış dilində “seyd” – seyyid, “ə” –  birləşdirici səs və fars dilində “pir” – ziyarətgah sözlərinin birləşməsindən yaranaraq, tərcümədə “Seyyid ziyarətgahı” mənasını verir. Yerli sakinlər qeyd edirlər ki, burada dəfn olunan şəxs yeddinci İmam Museyi-Kazimin (ə.s) övladlarındandır. O, Abbasi xəlifələrinin təqiblərindən yaxa qurtarmaq üçün buraya gəlmişdir. Burada dəfn edilən və adı məlum olmayan şəxs seyid olduğundan qəbri ziyarətgaha çevrilərək Seydəpir adlandırıldığı ehtimal olunur.

Yerli sakinlərin sözlərinə görə, ocaq ərazisində ziyarət olunan qəbirdən başqa qəbir olmasa da, ocaq ərazisi keçmişdə qəbristanlıq olub.

Burada çoxlu sayda qədim palıd və nil (azat) ağacları var, həmçinin Seyyid piri adlandırılan kurqan da yerləşir. Ocağın həyətində olan palıd ağaclarına yerli sakinlər tərəfindən müxtəlif rəngli parçalar bağlanmışdır. Ziyarətgah ərazisində quyu qazılmış, tikili inşa edilmiş, dini ayinlərin icra edilməsi üçün şərait yaradılıb. Kənd sakinləri Kərbəlayi Cankişi Yüzbaşı oğlu Fərəcov və Əlihəsən Şahab oğlu Kərimovun şəxsi vəsaitləri hesabına qəbir üstündə məqbərə inşa edilib.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. 2015.