Ocaq Lənkəran rayonunun Xolmili kəndinin şərq tərəfində, Xəzər dənizinin sahilinə 150-200 metr məsafədə yerləşir. Pirin yaranması IX-X əsrlərə aiddir.
Bu ocaqda dövrünün ruhani alimi, sosial, mədəni-ideoloji mərkəzin rəhbəri dəfn edilmişdir. Ehtimal edilir ki, burada kompleks mövcud olmuş, lakin sonrakı dövrlərdə həmin tikili uçulub dağılmış, bəzi məlumatlara görə, suyun altında qalmış və indiki nəsilə yalnız həmin müqəddəs qəbir gəlib çatmışdır.
Böyükağa Hüseynbalaoğlu və Mirhaşım Talışlı “Lənkəran” kitabında Piri Ərəb haqqında belə yazılmışdır: “Qədim kənddir, XIII əsrdə (son araşdırmalar ocağın yaranma tarixinin IX-X əsrlərə təsadüf etdiyini göstərir) burada Piri Ərəb adlı mömin şəxs yaşamışdır.”
Ərəblər də öz növbələrində özləri üçün ilk vaxtlar məscidlər deyil kiçik talvarlar tikirdilər. Burada yalnız ərəblər namaz qıldıqlarına görə yerli əhali islam dininə “din-e Ərəb” (Ərəbin dini) və ərəblərin namaz yerlərinə də “Piri ərəb” (Ərəbin piri və ya Ərəbin ziyarətgahı) deyirdilər. Bu söz farscadır. Odur ki, bu ziyarətgahda namaz qılanlar ərəb yox, ərəb adı ilə tanınan müsəlmanlar olub. Bu ocağın ərazisində yaşlı bir tut ağacı var. Yerli sakinlər bu ağacın budaqlarına müxtəlif rəngli parçalar bağlayaraq öz diləklərini tuturlar.
2013-cü ildə Xolmili kənd sakini Hakim Zəbi oğlu Ağayev ocaqdakı məzarın üzərinə bir türbə inşa etmişdir.
Mənbələr:
- İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. Bakı-2016.
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.