Ocaq Lənkəran rayonunun Viravul kəndinin Mollatıba qəbiristanlığında yerləşir. Ocağın adı dövrünün tanınmış ziyalılarından, ilahiyyatçı, filosof, hərbçi Miri Bəy adlı seyyid ilə bağlıdır.

Miri Bəy Talışxanov 1855-ci ildə Viravul kəndində anadan olub. O, Talış xanı Seyyid Cəmaləddinin (Qara xan) oğlu Mir Məhəmməd Rza bəyin nəticəsidir. Seyyidlik şəcərəsi dördüncü İmam Zeynül Abidinə (ə.s) çatır. Miri Bəy, həmçinin xalq arasında ulu babasının adı-Mir Məhəmməd Rza bəy kimi də tanınmışdır.

Miri Bəy Azərbaycan və talış dillərindən başqa, ərəb, fars və rus dillərini bilmiş, dini, fəlsəfi, əxlaqi mövzularda traktatların müəllifi olmuşdur. O, çar ordusunda xidmət edərək polkovnik rütbəsinə qalxmışdır. Miri Bəyin Viravul kəndində böyük mülk və torpaq sahəsi var imiş. O, həmişə xalqın qayğısına qalmış, kənddə yeni ailə quranlara təsərrüfat yaratmaqda yardımçı olmuşdur. O, tək Viravul kəndində deyil, ətraf yaşayış məntəqələrdə də yaxşı tanınmışdır. Deyilənlərə görə, o, çox zaman ürəkdən keçənləri duyarmış.

1918-ci ildə bolşevik-daşnak birləşmələri Lənkəran qəzasında soyqırım törətmişdilər. Lənkəranda soyqırım denikinçi Şıvkunov tərəfindən həyata keçirilmişdir. Miri Bəy həmin soyqırımın qurbanı olmuşdur. Hacı Etibar Əhədov və Hacı İdris Cəfərov bu haqda kitablarında belə yazıblar: “Denikinçi, ermənipərəst Şıvkunovun quldur atlı dəstələri həyət qapısında görünəndə Miri Bəy Quran oxuyurmuş. O, son nəfəsinədək Şıvkunovu ədalətə, sülhə, Allahın qəzəbindən qorxmağa çağırsa da, Şıvkunov onu amansızcasına qətlə yetirmişdir. Başından dəyən güllədən Miri Bəy otağın ortasında Quran üstünə yıxılmışdır. Alnında qılınc yarası da varmış. Quldurlar sonra da Miri Bəyin kitablarını ortaya çəkib süngü ilə deşik-deşik edərək yandırmışdılar. Mart soyqırımının qurbanı olan Miri Bəy Viravul kəndinin Mollatıba qəbiristanlığında dəfn olunmuşdur. Deyilənlərə görə, o, öldürülən zaman günəşli hava bir anda qaralmış, güclü leysan yağmağa başlamışdır.” Yerli sakinlərin dediklərinə görə, Miri Bəy öldürüləcəyini qabaqcadan hiss edib və övladlarını denikinçi Şıvkunovun təqiblərindən qurtarmaq üçün, təhlükəsiz yerlərə göndərmişdir.

Miri Bəy seyyid, hörmət və kəramət sahibi olduğu üçün insanlar onun məzarını ziyarətgaha çevirmişdilər.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. 2015.