İnsanlar, xüsusilə müsəlmanlar arasında bədnəzərdən qorunmaq üçün gözmuncuğundan istifadə edilir. Deyilənə görə, gözmuncuğunun tarixi Neolit dövrünə aiddir. O, həmçinin babillər, şumerlər və qədim misirlilər tərəfindən istifadə edilib. Lakin belə əşyaların İslam dinində mahiyyəti bir çoxlarına qaranlıq qalır. Bu atribut barədə İslam və hətta digər səmavi dinlərdə heç bir qeyd yoxdur. Onun istifadəsi nə bir hədis, nə də bir ayə ilə təsdiq olunmur. Bu halda isə gözmuncuğu xurafat və batil əməl hesab edilir.
“Nəzər” kəlməsinin lüğəvi olaraq “baxmaq, görmək” mənalarını daşıyır, “bəd” sözü isə “pis” mənasına gəlir. Müasir psixologiya insan gözünün xüsusi bir qüvvəyə malik olmasını sübut edir. Psixoloq Ülkər Allahverdiyevanın sözlərinə görə, gözlə insanı hipnoz belə etmək olur. O, nəzərin insan orqanizmində enerji formasında olduğunu bildirib. Bu enerjinin paxıllıq və qısqanclıq kimi bir çox səbəbi ola bilər. Belə emosiyaların insan daxilində qalması isə onun narahatlığına səbəb ola bilər. Lakin bu qüvvə insandan çıxdıqda ətrafdakılara ziyan gətirmək günücə malikdir. Bütün bu proses “bədnəzər” adlanır.
İslamda bədnəzərdən qorunmağın bir sıra yolları mövcuddur. Bunun üçün müxtəlif dualar və surələr oxumaq tövsiyə edilir. İmam Sadiq (ə.s) buyurub: “Əgər bir şəxs özünün başqasına və yaxud başqasının ona bədnəzər etməsindən qorxsa, üç dəfə desin: Allahın istədiyi mütləq gerçəkləşir. Uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur”. Pis gözdən amanda qalmaq üçün, həmçinin evdən çıxarkən “Fələq” və “Nas” surələrini oxumaq tövsiyə olunub.