Ümumdünya Əhli-Beyt (ə.s) Assambleyasının baş katibi Ayətullah Ramazani Cenevrədə bir sıra professor ilə görüşərək, onların suallarını cavablandırıb. Bu barədə 18 noyabr tarixində ABNA xəbər verib.
Ayətullah Ramazani bildirib ki, şiə və sünni arasında əsas fərq ondan ibarətdir ki, sünnilər, yalnız Peyğəmbərin (s) hərəkətləri, sözləri və rəvayətlərinə diqqət yetirirlər. Şiələr isə Allah Rəsulu (s) ilə yanaşı 14 məsumun (ə.s) sözləri və hərəkətlərinə etimad bəsləyirlər.
“Biz inanırıq ki, Quranın təfsirçiləri və izah edənləri yalnız məsumlardır (ə.s) və İmamın (Həzrət Mehdinin) (ə.f) məsumluq məqamı indiyə qədər davam etdiyi üçün hələ də Quranın həqiqi, hərtərəfli, tam və düzgün təfsirçisi və izah edəni vardır. Digərləri isə öz təfsirlərində İlahi ayələrin bəzən bir, bəzən də bir neçə cəhətini açıqlayırlar, bütün cəhətləri bilən yeganə şəxs məsumdur”, – deyə Ayətullah əlavə edib.
Daha sonra Ayətullah bildirib ki, təhsil və tədqiqatda kişi və qadın arasında heç bir fərq olmamalıdır və qadınlar təhsil və araşdırmalarda iştirak etməlidirlər. İslamda radikalların mövcudluğu sualına cavab olaraq isə alim deyib: “Bütün dinlərdə radikal fikirlər var. Müxtəlif əsrlərdə xristianlıq və yəhudilik arasında radikal cərəyanlar olub və indi də var. İslam məzhəblərində də belədir. Məsələn, bizim fikrimizcə, İŞİD qətiyyən müsəlman deyil. Minlərlə insanın başını kəsən şəxslər Quranın və ismətin heç bir əsasları ilə uyğun gəlmirlər”.