Məscid Şəki şəhərinin Bazarbaşı məhəlləsində yerləşir. İbadət evi 1745-1750-ci illərdə inşa edilib. Məscid Şəki xanı Məhəmmədhüseyn xanın sifarişi ilə tikilib.
Bir zamanlar ibadətgahın içində arxeoloji qazıntılar aparılıb. Məscidin mehrabının qarşısında qəbir daşları aşkar olunub. Güman edilir ki, bu Məhəmmədhüseyn xanın qəbiridir. Qazıntılar zamanı insan sümükləri və bir ədəd güllə də aşkar edilib. Bildirilib ki, Məhəmmədhüseyn xan edam edilməzdən bir həftə öncə güllə ilə yaralanıb.
İbadətgah kərpicdən inşa edilib və düzbucaqlı formaya malikdir. Məscidin üç giriş qapısı var. Giriş qapılarının birinin önündə eyvan yerləşir. Eyvan yeddi tağdan ibarətdir. İbadət evinin damı dəmir təbəqə ilə üzlənib. Məscidin 20 metr hündürlüyündə bir minarəsi var. Minarə dəyirmi formadadır. İbadətgahın həyəti daş hasarla əhatə edilib.
İbadət evinin arxa hissəsində doqquz başdaşı mövcuddur. Deyilənə görə, bu Şəki xanlarının məzarlarıdır. Azərbaycanlı şair Salman Mümtazın dediyinə əsasən, Məhəmmədhüseyn xan məscidin mehrabı içində dəfn edilib.
Sovet dövründə məscid anbar kimi istifadə edilib. 1978-1994-cü illərdə bura Ziyalılar evi kimi fəaliyyət göstərib. 1994-cü ildə isə ibadət evi yerli sakinlər tərəfindən təmir edilib və onun fəaliyyəti bərpa olunub.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- https://medeniyyet.az