Ocaq Lənkəran rayonunun Digah kəndində, həyətyanı sahədə yerləşir. Ziyarətgahın yaranma tarixi haqqında dəqiq məlumat yoxdur. Pir “Mina” ocağı kimi də tanınır.

Mina xanım əslən Lənkəran rayonunun Boladi kəndindən olmub və buraya gəlin köçüb. O, kəramətli seyyidlərdən olub, ocağa üz tutanlara kömək edib. Mina xanımın və övladlarının ayaqları anadangəlmə əyri olduğu üçün ziyarətgah yerli sakinlər tərəfindən, həmçinin talış dilində “Şılon” yəni, “Şillər” (əlillər) də adlandırılır. Mina xanım 80 ilə yaxın ömür sürərək, 1974-cü ildə vəfat edib və Digah kənd qəbristanlığında dəfn olunub.

Ocağın nəyə görə “Sübhi” adlandırılması haqqında heç bir məlumat yoxdur. Lakin rayonun Bəlləbur kəndində “Siyopi” adlı ocağın varlığına əsaslanıb, qeyd etmək olar ki, “Sübhi” talış dilində olan “Siyopinin” (Qara pir) vaxtilə dəyişmiş adıdır.

Ocaqda daş və qaraağac var. Qaraağac məqbərinin arxasında yerləşir. Digah kəndinin sakini Kərbəlayi Tağı Mirqafar oğlu Kərimovun bildirdiyinə görə, ocaqdakı daş qeybdən peyda olub. O, bu barədə vaxtilə kəndin yaşlı sakinlərindən eşitdiyini qeyd edib.

2011-ci ildə Digah kənd sakini və xeyriyyəçi Əhməd Hacıağa oğlu Qasımovun şəxsi vəsaiti hesabına ziyarətgah üzərində məqbərə inşa edilib.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. 2015.