Ocaq Lənkəran rayonunun Separadi kəndinin Penə məhəlləsində (Yuxarı məhəllə) yerləşir. Pirin təqribən 100-120 il yaşı var.

Piəməlo talış dilində piə -“qoca” və məlo -“molla” sözlərinin birləşməsindən yaranaraq Azərbaycan dilinə tərcümədə “qoca molla” mənasını verir.

Burada olan dəmirağac və onun dibindəki bulaq müqəddəs hesab edilərək, ziyarət olunur. Piəməlo pirinin yaranması haqqında yazıçı-publisist Hafiz Mirzə “Separadi” kitabında belə yazır:

Separadi kənd sakini Həbib kişi münasib bir yer seçib orada ağacdan ev tikdi. Ev hazır olan günün gecəsi o qəribə yuxular gördü. Yuxuların təfərrüatı yadında qalmadı. Ancaq bir səs yaddan çıxmadı. Bu səs ona “Sən burada ev tikmisən, amma arxanı ocağa çevirmisən” deyirdi və evi sökməsini hökm edirdi. O, təzə evin arxasına diqqətlə nəzər saldı. Ağacların arasında bir nəhəng dəmirağacı onun diqqətini cəlb etdi. Qəribə idi ki, bu ağacın dibindən tər-təmiz bulaq suyu çıxmağa başlamışdı. Bu qəribə yuxu bir neçə gün təkrar olunduqdan sonra nəhayət ki, Həbib kişi bu evi sökür və ondan bir qədər kənarda ev tikir. Bu yerlərdə indi onun nəvəsi Oruc Hüseynovun evi tikilmişdir. Həbib kişi arxası dəmir ağacına olan evi sökdükdən sonra yuxuları görmür və buna görə də o bu nəhəng dəmirağacının ətrafında abadlıq işləri aparmağa başlayır. Bu möcüzəli ağacın sorağı az müddət ərzində ətraf mahallara, vilayətlərə yayılır, adamlar buraya ümid axtarışı, mətləb niyyəti ilə gəlməyə başlayırlar”.

2003-cü ildə xeyriyyəçi-sahibkar Hacı Tərlan Kərim oğlu Əliyevin şəxsi vəsaiti hesabına Piəməlo ziyarətgahı təmir edilmişdir.

Mənbələr:

  1. İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. Bakı-2016.
  2. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.