Türbə Şovu kəndinin yaxınlığında, Lənkəran-Lerik şose yolunun sağ tərəfində yerləşir. Ziyarətgahın yaranma tarixi XV əsrə aid edilir.

Baba Rəhman yeddinci İmam Museyi-Kazimin (ə.s) nəslindəndir. Deyilənlərə görə, Baba Rəhman indiki ocaq ərazisində yaşamış və elə orda dəfn olunmuşdur. Onun məzarı yerli sakinlər tərəfindən ziyarətgaha çevrilmişdir.

1995-ci ildə kənd sakinlərinin şəxsi hesabına məzarın üzərində məqbərə inşa edilib. Hacı Şirəli adlı kənd sakini isə bu ocağa öz övladları ilə birlikdə su çəkib.

Baba Rəhmanın məzarı yaxınlığında daha bir qəbir var. Ehtimal edilir ki, bu qəbir ona yaxın olan bir şəxsin məzarıdır. Məzarın başdaşı üzərində ərəb və azərbaycan dillərində “İmam Museyi-Kazimin nəslindəndir” sözləri həkk edilmişdir. Baba Rəhmanın qəbri sol, digər qəbir isə sağ otaqda yerləşir.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. 2015.