Bəzi təbiət hadisələrinin baş verməsi nəticəsində Ayət namazı qılmaq vacib olur.

Ayat namazının vacib olduğu hallar:

1) Günəş tutulması
2) Ay tutulması (hətta Günəşin və ya Ayın kiçik bir hissəsi tutulsa və kimsə bundan qorxmasa belə)
3) Zəlzələ (vacib ehtiyata əsasən, hətta kimsə qorxmasa belə)

İldırım, qarayel, qırmızı külək və s. səmavi əlamətlərin təzahürü zamanı insanların böyük bir qismi qorxuya düşdükdə, həmçinin, yer çökməsi, dağ sürüşməsi kimi insanların əksəriyyətini qorxuya salan geoloji hadisələr baş verdikdə, müstəhəb ehtiyata əsasən, ayat namazı qılınmalıdır.

Ayat namazının vaxtı:

Günəş tutulması və Ay tutulması üçün qılınan ayat namazının vaxtı Günəşin, yaxud Ayın tutulmağa başlaması ilə başlayır və Günəş, yaxud Ay təbii vəziyyətinə qayıdanadək davam edir.

Ayət namazının qılınma qaydası:

Ayət namazı iki rükətdir, hər rükətində beş rüku vardır və iki qayda qılına bilər:
Birinci qayda: Niyyətdən sonra təkbirət əl-ehram demək, bir dəfə Həmd surəsini və başqa bir bütöv surəni oxumaq, rükuya getmək və rükudan qalxdıqdan sonra təkrarən Həmd və daha bir bütöv surəni oxumaq, sonra yenidən rükuya getmək və bunu beş dəfə təkrarlamaq, beşinci rükudan qalxdıqdan sonra isə iki səcdə etmək, daha sonra ayağa qalxaraq ikinci rükəti də birinci rükət kimi qılmaq, sonda təşəhhüd oxumaq və salamı demək lazımdır.
İkinci qayda: Niyyət, təkbirət əl-ehram və Həmd surəsini oxuduqdan sonra bir surənin ayələrini beş yerə bölmək və hər rükudan öncə bir ayə və ya daha artıq hissəni oxumaq lazımdır. Rükulardan öncə bir bütöv ayənin bir hissəsini də oxumaq olar, ancaq lazım ehtiyata əsasən, həmin hissə bitkin mənalı cümlə olmalıdır. Həmçinin, vacib ehtiyata əsasən, surənin əvvəlindən başlamaq, habelə, lazım ehtiyata əsasən, ilk rükudan öncə “Bismillahir-rəhmanir-rəhim” deməklə kifayətlənməmək lazımdır. Qeyd edilən məqamları nəzərə alaraq ayəni oxuduqdan sonra rükuya getmək, sonra rükudan qalxaraq Həmd surəsini oxumadan, həmin surənin ikinci hissəsini oxuyub yenə rükuya getmək və bu minvalla beşinci rükuyadək surəni başa çatdırmaq lazımdır.
Məsələn, Həmd surəsindən sonra Qədr surəsini oxumaq istəyən şəxs belə etməlidir:
Niyyət, təkbirət əl-ehram və mübarək Həmd surəsini oxuduqdan sonra: “Bismillahir-rəhmanir-rəhim. İnna ənzəlnahu fi ləylətil-qədr”, – deməlidir.
Sonra rükuya getməli və ardınca ayağa qalxaraq: “Və ma ədrakə ma ləylətul-qədr”, – deməlidir.
Sonra yenidən rükuya getməli və rükudan sonra ayağa qalxaraq: “Ləylətul-qədri xayrun min əlfi şəhr”, – deməlidir.
Sonra yenə də rükuya getməli və rükudan qalxaraq: “Tənəzzəlul-məlaikətu vər-ruhu fiha biizni rəbbihim min kulli əmr”, – deməlidir.
Daha sonra rükuya getməli və ayağa qalxaraq: “Səlamun hiyə hətta mətləil-fəcr”, – deməlidir.
Bundan sonra beşinci rükuya getməli və başını qaldırdıqdan sonra iki səcdə etməli, ikinci rükəti də birinci rükət kimi qılmalı və onun ikinci səcdəsindən sonra təşəhhüd oxuyaraq namazın salamını deməlidir. Həmçinin, surəni beşdən az hissəyə də bölə bilər, ancaq surəni tamamladıqda növbəti rükudan öncə qiyam vəziyyətində “Həmd”i oxumalı, daha sonra surəni oxumalıdır.
İxlas surəsi üçün misal: Əgər insan ayat namazında İxlas surəsini oxumaq istəyirsə, vacib ehtiyata əsasən, bir hissədə “Bismillahir-rəhmani-rəhim” deməklə kifayətlənə bilmədiyinə görə surəni başqa bir şəkildə beş hissəyə bölə bilər. Belə ki, hər hissə bitkin mənalı bir cümlə olmalıdır. Məsələn, surəni bu cür bölə bilər:
Birinci hissə – “Bismillahir-rəhmanir-rəhim. Qul huvəllahu əhəd”;
İkinci hissə – “Allahus-saməd”;
Üçüncü hissə – “Ləm yəlid”;
Dördüncü hissə – “və ləm yuləd”;
Beşinci hissə – “Və ləm yəkun ləhu kufuvən əhəd”.
Həmçinin, beşdən az hissəyə də bölə bilər, ancaq surəni başa çatdırdıqda növbəti rükudan öncə qiyam halında “Həmd”i oxumalıdır.
Ayət namazının bir rükətində Həmd və surəni beş dəfə oxumaq, digər rükətdə isə “Həmd”i bir dəfə oxuyaraq surəni beş hissəyə bölmək də olar.