Misirdə məscidlərə nəzir vermək qadağan edilib. Bu barədə islamnews xəbər verib.
Məlumata əsasən, qadağanın səbəbi məscidlərdə nəzir qutularının tez-tez oğurlanması, o cümlədən toplanan ianələrin hara xərcləndiyinə nəzarət etməyin çətin olmasıdır.
Azərbaycanda yığılan ianələr məscidin dini icmasının nəzarətindədir, icmalar isə Qafqaz Müsəlmanları İdarəsinə hesabat verirlər.
Vaxtilə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Fazil Mustafa bildirib ki, nəzir qutuları yığışdırılmalıdır. Bu ilin oktyabr ayında isə Milli Məclisin deputatı Ceyhun Məmmədov nəzir qutuları ilə bağlı öz fikirlərini bildirib: “Hesab edirəm ki, nəzir verənlərə qəbz təqdim edilə bilər. Cəmiyyətimizdə bu məsələ ilə bağlı uzun illərdir müəyyən suallar var. Ola bilsin ki, həqiqətən o nəzirlər məscidlərin idarə olunmasına sərf olunur. Amma fikrimcə, insanlarımızda dəqiq məlumatların olması, yanlış təsəvvürlərin yaranmaması üçün bu barədə ciddi şəkildə düşünməli və şəffaf mexanizmlər üzərində işləməliyik”.