Ziyarətgah Lənkəran rayonunun Seyidəkəran kəndi ərazisində, kənd sakini Miri Qubadovun evində yerləşir. Ocağın yaranma tarixi 1930-cu ilə təsadüf edir.
Kənd sakinlərinin dediklərinə görə, o zamanlar Abbas adında bir kənd sakininin evində ələm varmış. Lakin 1930-cu illərdə ələmlər qadağan olunduğundan Abbas kişi bu ələmi gizli saxlayırmış. Bank işçisi olan Abbasın təftiş zamanı maliyyə sənədlərində kəsir aşkarlandığı üçün evində axtarış aparılır. Axtarış nəticəsində onun evində sandıq içində ələm tapılır. Axtarış aparanlar metaldan olan ələmi həyətə atır, bu zaman ələmin bir barmağı sınır. Seyidəkəran kəndinin 84 yaşlı sakini Məmmədəli Əliyevin verdiyi məlumata görə, üzərində ərəb dilində yazı olan və müqəddəs Kərbəladan gətirilən ələm yenidən sandığda aşkar olunur. Həmin hadisədən sonra Abbasın evi ziyarətgaha çevrilir. Yerli sakinlər ziyarətgahı talış dilində “Abbasi ələm”, yəni “Abbasın ələmi” adlandırır.
Ocaq, əsasən, yerli və ətraf yaşayış məntəqələrinin sakinləri tərəfindən ziyarət olunur.
Mənbələr:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. 2015.