Bugün, rabiul-axir ayının 10-u (15 noyabr) Xanım Məsumənin (s.ə) vəfatının ildönümüdür. Həzrəti Məsumə (s.ə) İmam Rzanın (ə.s) bacısıdır.

Xanım Məsumə (s.ə) hicrətin 173-cü ilində Mədinə şəhərində dünyaya gəlib. O, yeddinci İmam, Həzrəti Museyi Kazimin (ə.s) qızıdır. Xanımım adı Fatimə, ləqəbləri isə Məsumə, Sitti, Fatimeyi-Kubradır.

Rəvayətlərə görə, Xanım Məsumə böyük kəramət sahibi olub. Bugün onun müqəddəs hərəmini milyonlarla insan ziyarət edir. Xəstələr onun hərəmində şəfa tapır, ehtiyyaclıların isə hacətləri qəbul olur.

İmam Sadiq (ə.s) buyurub: “Qumda mənim övladlarımdan Fatimə binti Musa adlı bir xanım dünyadan köçəcək və onun şəfaətinin bərəkətindən mənim şiələrim hamılıqla behiştə daxil olacaqlar”. (Məcalisül-möminin, c.1, səh.83)

Hicrətin 200-cü ilində İmam Rza (ə.s) Mərvə sürgün edildikdən bir il sonra Həzrəti Məsuma (s.ə) qardaşının yanına yollanıb. Yolda Abbasi məmurları Xanımın karvanına hücum çəkib 23 nəfəri şəhid ediblər. O zamanlar Abbasi hakimiyyəti İmamı görməyə gedən bütün karvanları təzyiqə məruz qoyub.

Xanım (s.ə) həyatının son 17 gününü Qum şəhərində ibadətlə məşğul olmaqla keçirib. Həzrəti Məsumə hicrətin 201-ci ilində rabiul-axir ayının 10-u zəhərləndirilərək dünyadan köçüb. Onun cənazəsi Qum şəhərində dəfn edilib.

İmam Rzanın (ə.s) sürgün edildiyi dönəmdə Həzrətin üç bacısı Azərbaycana köçüb. Onlar Bakının Bilgəh, Nardaran və Bibi Heybət kəndində dəfn ediliblər. Bugün onların hərəmləri insanların ziyarət yerinə çevrilib.