Məscid Biləsuvar rayonunun Zəhmətabad kəndində yerləşir. İbadətgah 1991-ci ildə inşa olunub.
Məscid mişar daşından hörülüb və düzbucaqlı formadadır. İbadət evinin tavanı taxtadandır və altı dəmir boru üzərində dayanır, damı isə şiferlə örtülüb. Əsas ibadət zalı iki hissədən ibarətdir. İbadət zalında 2 qapı və 14 pəncərə var. Pəncərələr tağvari, qapılar isə düzbucaqlı formadadır. İbadət evinin minbəri taxtadandır. Məscidin ön tərəfində dəhliz yerləşir. Dəhlizin giriş qapısı dəmirdəndir. Dəhlizin ön tərəfində dəmir borudan hündürlüyü 12 metr olan minarə ucaldılıb.
Mənbələr:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.