Bugün rəbius-sani ayının 8-i (oktyabrın 13) İmam Əbu Məhəmməd Həsən ibn Əlinin (ə.s) mövlud günüdür. Həzrəti Həsən Əskəri məsum İmamların 11-dir və 12-ci İmam Mehdi Sahib əz-Zamanın (ə.f) atasıdır. İmamın künyəsi Əbul-Həsən, ləqəbləri Əskəri və Zəkidir. Əskəri ləqəbi ona daim Abbasilərin əskər nəzarəti altında olduğu üçün verilib.

İmam (ə.s) hicrətin 232-ci ilində Mədinə şəhərində dünyaya göz açıb. Həzrətin atası 10-cu İmam Əli ən-Nəqidir (ə.s), anası isə Səlil adlı xanımdır.

Həzrəti Həsən Əskərinin (ə.s) imaməti 22 yaşında başlayıb və 6 il sürüb. O zaman İmam İraqın Samirra şəhərində yaşayırdı. Həzrət Abbasi xəlifələri Əl-Mötəz, Əl-Muhtədi və Əl-Mötəmidin dövründə imamlıq edib. Hədislərə əsasən, dünyanı zülmdən qurtaracaq xilaskar məhz İmam Həsən Əskərinin oğludur. İmamın övladının nə zaman dünyaya gələcəyindən xəbərdar olmaq üçün, o, daim nəzarət altında saxlanılıb.

Üstəlik İmamın tərəfdarları İraqda çoxluq təşkil edib və bu yolla xəlifələr onların üsyanından qorunmağa çalışıb. Həzrəti Həsən həftədə iki dəfə (1-ci və 4-cü günlər) xəlifənin sarayına gedərək onun əleyhinə heç bir iş görmədiyini demək məcburiyyətində idi.

İmam Həsən Əskəri (ə.s) 28 il ömür sürüb. O, hicrətin 260-cı ilində rəbiul-əvvəl ayının 8-i Mötəmid Abbasi tərəfindən zəhərləndirilərək şəhid olub. Həzrət İraqın Samirra şəhərində atasının yanında dəfn edilib.