12 oktyabr tarixində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq ilə görüş keçirib. Bu barədə QMİ xəbər verib.

Görüşdə QMİ-nin sədri Vətən Müharibədən sonra iki ölkə arasında münasibətlərin və dinlərarası dialoqun yüksək səviyyədə olduğunu bildirib. O, dinlərarası əməkdaşlıq yönündə əməli fəaliyyət üçün səy göstərəcəyini bildirib. Sədr əlavə edib ki, monoetnik Ermənistandan fərqli olaraq multikultural Azərbaycanda müxtəlif millət və dinlərin nümayəndələri mehribanlıq, qarşılıqlı ehtiram və anlaşma şəraitində əsrlərlə yaşayırlar və hətta erməni vətəndaşları da ölkədə sülh içində yaşaya bilərlər.

Almaniyanın səfiri öz növbəsində, ölkəsində İslam dininin alman mədəniyyətinin tərkib hissəsi kimi qəbul edildiyini və ölkədə 26 min Azərbaycanlı vətəndaşın yaşadığını qeyd edib. Səfir əlavə edib ki, Azərbaycanda mövcud dinlərarası səmimi münasibətlər Almaniya üçün böyük maraq kəsb edir.

Volfqanq Maniq 2019-cu ilin iyul ayında Almaniyanın Azərbaycandakı səfiri vəzifəsinə təyin edilib.