Bugün, noyabrın 12-si Bakının Sədərək məscidində namaz qılan şəxs döyülərək məsciddən çıxarılıb. Zərərçəkənin videogörüntüləri azgiperssilkaru telegram səhifəsində yayılıb.

Məlumata əsasən, bugün günorta saat 11-12 radələrində Sədərək məscidində Hacı Aydın adlı namaz qılan şəxs döyülüb. Zərər çəkənin dediyinə görə, o, Sədərək bazarının sahibi Yusif Qədirbəylinin əməllərinə etiraz etməsi səbəbindən döyülərək məsciddən çıxarılıb. Hacı Aydın söyləyib ki, onu döyən Yusif Qədirbəylinin adamları və polis olub.

“Mənim mübarizəm məsciddə kimin namaz qılması, kimin qılmaması deyil. Mənim mübarizəm Yusif Qədirbəylinin o məsciddə fironluğunun sonudur. Dövlətimdən xahiş etmişəm ki, aydınlıq gətirsin. Bu onun (Yusif Qədirbəylinin) mülküdürsə mən, oraya gəlməyəcəm”, – deyə Hacı Aydın bildirib.

Son zamanlar Sədərək məscidində dindarlar arasında gərginlik yaşanır. Noyabrın 8-i sünnilərin sosial məsafəyə riayət etmədən camaat namazı qılması ətrafdakıların narazılığına səbəb olub. Bundan öncə isə, noyabrın 6-sı məscidin axundu Hacı Əkrəmin yerinə sünni ilahiyyatçının təyin edilməsi şiələri narahat edib.