Amerikanın Harvard Universitetinin müsəlman tələbələri 25 ildir ki yeraltı otaqda namaz qılırlar. Bu barədə noyabrın 10-u universitetin nəşri olan The Crimson xəbər verib.
Verilən məlumata əsasən, universitetin müsəlman və hindu tələbələri mövcud şəraitdən şikayətləniblər. Onlara ibadət üçün ayrılan otağın çox kiçik və pəncərəsiz olduğu bildirilib. Tələbələr namaz qılmaq üçün hətta növbəyə belə düzülürlər.
Bu səbəbdən universitetin nəşri olan The Crimson məsələni işıqlandırmaq məqsədilə məqalə dərc edib. Məqalədə Harvardda halal qidanın verilməməsi mövzusu da yer alıb. Qeyd edilib ki, tədris ocağının yeməkxanasında müsəlmanlara uyğun yemək azlıq təşkil edir. Universitet tələbələri bu problemin tezliklə həll edilməsini tələb ediblər. Lakin Harvard rəhbərliyi dərc edilən məqalə ilə bağlı heç bir rəsmi açıqlama verməyib.
2017-ci ilin iyul ayında Harvard Universiteti ilk dəfə olaraq işə imam götürüb. Din xadiminin əsas vəzifəsi tədris ocağının müsəlman tələbə və işçilərinin namazlarında imamlıq etməkdir. O, həmçinin tələbələrin dini maarifləndirilməsi ilə məşğul olur.