Məscid Ağdaş rayonunun Qaradeyin kəndinin ərazisində yerləşir. İbadət evi 1989-cu ildə inşa olunub.
İbadətgah düzbucaqlı formadadır və kərpicdən tikilib. Məscidin həyəti beton hasarla əhatələnib. İbadət evinin damı şiferdəndir, tavanı isə taxtadandır. Tavan üç sütun üzərində dayanır. Məscidin üç giriş qapısı və tağvari formada on pəncərəsi var. İbadətgahın ön tərəfində eyvan yerləşir. Eyvan altı dəmir sütun üzərində dayanır. İbadət evinin minbəri beşpilləlidir və taxtadan hazırlanıb.
Əvvəllər indiki məscidin yerində köhnə məscid var idi. Həmin məscid hicri-qəməri təqvimi ilə 1302-ci (1884) ildə tikilmişdir. Sovet dövründə isə bu ibadətgah anbar, idarə və tibb məntəqəsi kimi istifadə edilmişdir. 1978-ci ildə isə ibadət evi dağılmışdır. Yeni məscidin tikintisində həmin ibadətgahın materiallarından istifadə edilib.
Mənbə:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.