Noyabrın 11-i Bakıda 32 naməlum şəhidin məzarı açılıb. Bu barədə Publika.az xəbər verib.

Qəbirlərin açılması işləri oradakı naməlum şəhidlərin kimliyinin müəyyən edilməsi üçün aparılır. Tibbi kriminalistik ekspertiza bitdikdən sonra kimliyi müəyyən edilən şəhidlərin şəkilləri və məlumatları məzarlarının baş daşlarında əsk ediləcək.

Məlumata görə, I Şəhidlər Xiyabanında 23, II Şəhidlər Xiyabanında isə 9 naməlum şəhid nəşindən nümunələr götürülüb. Məzarlar Hərbi Prokurorluğunun təqdimatı və Bakı Hərbi Məhkəməsinin 3 iyun 2021-ci il tarixli qərarı əsasında açılıb.

Bundan öncə, noyabrın 1-i Hərbi prokurorluq naməlum şəhid məzarlarının açılması ilə bağlı açıqlama verib. Hərbi prokuror Xanlar Vəliyev bildirib ki, ekspertizanın bir hissəsi Moskvada həyata keçirilir. Xanlar Vəliyevin sözlərinə görə, kimliyin müəyyənləşdirilməsi üçün çoxsaylı insanların gen ekspertizası həyata keçirilməlidir. Onların da bir hissəsinin valideynləri həyatda deyil. Bu səbəbdən də gərək digər qohumlar tapılsın.