Ağdaş rayonu Hacı Məhəmməd məscidinin ətrafı zibillərdən təmizlənib. Bu barədə noyabrın 10-u oxu.az xəbər verib.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli məsələ ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, məişət tullantıları məscidin qarşısına bir neçə gün öncə atılıb. Qurumun rayon üzrə mühafizəçisi bu barədə xəbər alan kimi məsələ öz həllini tapıb. Ağdaş Şəhər Kommunal Müəssisələr Kombinatının əməkdaşları ərazidə təmizlik işləri aparıb.
“Dövlət Xidmətinin abidə mühafizəçisi tərəfindən həmin məscidin mühafizə zonasının təmiz saxlanılması üçün aidiyyəti üzrə məlumat verib”, – Fariz Hüseynli deyib.
Dünən, noyabrın 10-u Ağdaş rayonunda yerləşən Hacı Məhəmməd məscidinin ətrafı zibilliyə çevirilib. Məscidin qarşısında üzərində “bura zibil atma” yazısı olam lövhə quraşdırılsa da, ona məhəl verən olmayıb.