Dəyərli İslam alimi Şeyx Əbül-Qasim Xaçmazi Badkubei 1879-cu ildə anadan olub. O, Azərbaycanda, Şabran rayonunun Xırdaoynaq kəndində dünyaya göz açıb.
İbtidai dini təhsilini atası Mehdiquludan və kənd ruhanilərindən alıb. Alim təhsil almaq üçün gənc yaşlarından İrana köçüb. 1905-ci ildə isə tədrisini davam etdirmək üçün İraqın Nəcəf şəhərinə səfərə yollanıb. Nəcəfdə o, Seyyid Muhəmməd Təbatəbai Yəzdi, Şəriət İsfəhani və Molla Kazim Xorasani kimi böyük alimlərdən elm öyrənib. Bəzi ehtimallara görə, Şeyx Əbülqasim Seyyid Hüseyn Badkubeinin fəlsəfə dərslərində iştirak edib.
25 il dini elmləri öyrənən Əbül-Qasim Xaçmazi ali elmi məqamlara yüksələrək vətəninə qayıdıb. O, Bakı və Xaçmazın müxtəlif kəndlərində yaşayıb və orada dini təbliğat və İslam elmlərinin tədrisi ilə məşğul olub. Alimin yaşayış yerinin tez-tez dayişməsinə səbəb o zamanlar sovet hakimiyyətinin İslam alimlərinə etdiyi zülmlər olub. Din xadimi ara sıra təqib və təzyiqlərə məruz qalıb.
Şeyx Əbül-Qasim Xaçmazi Badkubei 1964-cü ildə vəfat edib. Şeyx Xaçmazinin nəticəsi Telman Nizamovun verdiyi məlumata əsasən, alimin üç oğlu və bir qızı olub. Böyük oğlu 27 yaşında dünyadan köçüb. Oğlunun məzarı Şabran rayonunda yerləşir. Qızı Kərbəlayı Sara xanım isə Xaçmazda dəfn edilib. Alimin öz məzarı Xaçmaz rayonunun Çarxı kəndində, İmam Hüseyn məscidində yerləşir.
Mənbə: http://aypara.tv
Şəkil: aypara.tv