Bugün, noyabrın 8-i Şuşanın Yuxarı Gövhər Ağa məscidində şükür namazı qılınıb. Bu barədə azerbaycan24 xəbər verib.

İlk öncə məsciddə Qurani-Kərim tilavət edilib. Vətən şəhidlərinin ruhlarına rəhmət dilənib və dualar oxunub. Daha sonra ilahiyyatçı Hacı Şahinin imaməti ilə namaz qılınıb. Namazdan sonra din xadimi Şuşanın azad olunması ilə bağlı çıxış edib.

“Bizim düşmənlərimiz bu müharibəni din savaşı kimi təqdim etməyə çalışırdı. Sanki azərbaycanlılar müsəlman olduqları üçün xristian ermənilərə qarşı müharibə aparırlar. Lakin reallıq bunun əksini göstərdi”, – deyə Hacı Şahin qeyd edib.

2020-ci ilin 8 noyabr tarixində Azərbaycan ordusu Şuşa şəhərini işğaldan azad edib. Noyabrın 3-ü Hikmət Mirzəyev, Zaur Cavanşir və Tehran Mənsimovun komandanlığı altında azərbaycan əsgərləri Şuşa uğrunda döyüşlərə başlayıb. Noyabrın 8-i isə İlham Əliyev Şəhidlər Xiyabanından xalqa müraciət edərək Şuşanın azad edilməsi xəbərini verib.