Noyabrın 7-si İlham Əliyev və Mehriban Əliyeva Şuşanın Aşağı Gövhər Ağa məscidinin bərpa işləri ilə tanış olublar. Bu barədə AZƏRTAC xəbər verib.

Bildirilib ki, məscidin bərpa işləri üç mərhələdən ibarətdir. Birinci mərhələsi artıq başa çatıb. İkinci mərhələdə ibadətgahın tarixi görkəmi qorunaraq onun möhkələndirmə işləri aparılacaq. Məscidin ermənilər tərəfindən dağıdılmış mədrəsəsi də bərpa ediləcək. Həmçinin ibadət evinin minarələri, damı və döşəməsi təmir olunacaq.

İşğal zamanı ermənilər Şuşa şəhərinin üç məscidini (Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa və Saatlı) dağıdaraq yararsız vəziyyətə gətiriblər. Lakin Azərbaycan ordusu tərəfindən Şuşanın azad edilməsindən sonra məscidlərdə təmir-bərpa işlərinə başlanılıb. Hər üç məscidin bərpasını “Paşa Holdinq” maliyyələşdirir.